Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı soyqırımı şahidi: “Xocalıya yalnız Kosalar kəndindən az da olsa kömək oldu”

0

  • Xocalı soyqırımı şahidlərindən
    biri də Əliyev Firudin İsa oğludur. Firudin Əliyev 1958-ci yanvarın 6-da
    Xocalıda anadan olub. Xocalıda böyüyüb boya-başa çatan Firudin hərbi xidmətini
    1976-cı ildə Belarusda çəkib. Əsgərlikdən qayıtdıqdan sonra müxtəlif işlərdə
    çalışıb. Axırıncı iş yerləri Xankəndində və Xocalıda avtobazada elektrik-qaz
    qaynaqçısı olub. 1988-ci ildən cərəyan edən ermənilərin seperatçı əməlləri,
    “miyatsin” çağırışları get-gedə artdığı zamanda Firudin Əliyev bir vətəndaş
    kimi düşmənlərlə mübarizəyə başlayıb. O, 1988-ci ilin sentyabrın 18-də ermənilər
    Xocalıya kütləvi hücum edən zaman mərd Xocalı camaatı ilə birlikdə düşmənin
    qarşısına çıxıb. Firudin Əliyev həmin hadisələri belə xatırlayır:Erməni quldurları öz
    havadarlarına arxalanaraq Xocalıya hücumlar təşkil edirdilər. Hiss olunurdu ki, onların arasında narkomanlar da var idi. Bizim əlimizdə olan ov silahlarını yığmışdılar. Lakin,
    bəzilərimiz tüfənglərimizi rezin kamerə bağlayıb arxın içində gizlətmişdik. Həmin
    silahların bizə böyük köməkliyi oldu. Xocalıya hücum edən ermənilərin 40-nı
    Xocalı igidləri məhv etdi. Dayım oğlu Yavər həmin münaqişədə igidlik göstərərək
    tüfəngi ilə iki erməni quldurunu cəhənnəmə göndərdi. Münaqişə zamanı mən yaralandım.
    Ermənilərin atdığı daşlar çənəmi qırmışdı. Səkkiz nəfər yaralını gecə Ağdamın xəstəxanasına
    apardılar. Əsgəran qalasının bəri üzündə ermənilər yolu bağlamışdı. Bədxah
    qonşular öz murdar xislətlərini hər yerdə biruzə verirdilər.

          Xocalı Özünümüdafiə Batalyonunun üzvü olan Firudin Əliyev
    doğma Xocalını düşməndən qorumaq üçün silaha sarılır. Düşmənin Xocalını raket
    atəşi altında saxladığı yerlərdən biri Bozdağ idi ki, onların buradakı
    mövqeyini  zərərsizləşdirmək böyük əhəmiyyət
    daşıyırdı. Firudun Əliyev 16 noyabr 1991-ci ildə “Bozdağ” əməliyyatında iştirak
    edib. Döyüş zamanı sol qılçasından güllə yarası alıb. 1992-ci il fevralın 19-da
    axşam saat 5-ə 5 dəqiqə qalmış Firudin Əliyev döyüş əməliyyatında yenidən
    yaralanıb. Sağ döş nahiyəsindən girən güllə onun sağ qabırğasını dəlib
    çıxmışdır. O, soyqırım axşamına kimi ev şəraitində müalicə alıb. Xocalı soyqırımı
    axşamı ağır yaralı olan döyüşçümüzü xərəkdə şəhərdən çıxardırlar. Firudin
    Əliyev soyqırım axşamı gördüklərini, ölümlü-itimli, əzab-əziyyətli yollarla
    düşmənlərin əhatəsindən necə çıxması haqqında danışdı:

    - Həmin axşamın dəhşətini sözlə ifadə etmək mümkün
    deyil. Hava limanının yuxarısında fin evlər tikilmişdi. Əvvəlcə həmin evləri
    yandırmağa başladılar. Xocalıya çoxlu sayda texnikalar yeritmişdilər. Həmin
    texnikaların səsləri indi qulaqlarımdadır. Xocalıya heç bir yerdən kömək
    olmadı. Ermənilər 366-cı motoatıcı alayın ağır texnikaları ilə Xocalıya daxil
    oldular. Texnikalar işlərini gördükdən sonra erməni quldurları şəhəri yandırmağa
    və qarətə başladılar. Son anadək beşmərtəbəli binada və digər yerlərdə
    atışmalar oldu. Xocalını şəhərini Özünümüdafiə Batalyonun üzvləri, Milli Qəhrəman
    Aqil Quliyevin 21 nəfərdən ibarət dəstəsi müdafiə edirdi. Yalnız Kosalar kəndindən
    az da olsa köməklik oldu. Kosalardan düşmənə qrad atəşləri ilə cavab verilirdi.
    Ancaq bu da yetərsiz idi.  

    Məni xərəkdə götürdülər. Qarqarçayını keçəndə sürüşüb
    suya düşdüm. Xərəkdə dağa çıxmaq mümkün deyildi. Kəmərimi açıb sinəmə bağladım
    ki, qabırğalarım çox tərpənməsin. Belə zülmlə dağa qalxmağa başladım. Meşə
    meyitlərlə dolu idi. Kətikdə nə qədər meyit qaldı. Uşaqların çığırışmasını, fəryadını
    xatırladıqca bədənim tir-tir əsir. Körpələrin günahı nə idi axı. Dörd gün meşədə
    qaldım. Bədənimdə qan qalmamışdı. Qardaşım Əliyev Firdovsi, qardaşımın həyat
    yoldaşı Əliyeva Heyran Mürşüd qızı, övladları 1982-ci il təvəllüdlü Elçin və
    1984-cü il təvəllüdlü Elgiz itkin düşüblər. Onların taleyindən indiyə kimi heç
    bir məlumatımız yoxdur. Ailədən yalnız 4 yaşındakı Mehdi salamat qalıb. 

    - Qardaşınız necə oldu ki, itkin düşdü? Onu son görənlər
    nə deyirlər?

    - Camaat hərə bir tərəfə pərən-pərən olmuşdu.
    İzdihamın əvvəli-axırı arasında kilometrlərlə məsafə vardı. Bir-birimizdən xəbərimiz
    olmadı. Qardaşımın övladlarından biri - 4 yaşlı Mehdi atam Əliyev İsa Əbüdləli
    oğlu ilə 1 aya yaxın əsirlikdə qaldıqdan sonra azad edilib.

    - Kətik dağını aşdıqdan sonra hansı tərəfə üz
    tutdunuz?

    - Kətik dağını aşdıqdan sonra Xocalının Naxçıvanlı kəndinə
    tərəf irəlilədik. Ermənilər Naxçıvanlının ortasında BMP-nin yanında ocaq
    qalamışdılar. Ocağın tüstüsünə, alovun işığına görə ermənilər bizi görmədilər.
    Ocaq qalamasaydılar bizi görmüş olacaqdılar. Onlarla aramızdakı məsafəmiz heç
    20 metr olmazdı. Naxçıvanlını keçdikdən sonra Qurdlar kəndinə tərəf üz tutduq.
    Qolumdakı balaca cib yerində yanan güllə saxlamışdım. Onu göyə atdım ki, azərbaycanlı
    olduğu-muzu bilsinlər. Bizə qarşılayandan sonra məni Ağdama, oradan isə Bakıya
    apardılar. Ayaq barmalarım donmuşdu. Xəstəxanada ayaq barmaqlarımdan birini kəsdilər.
    İki aydan artıq müalicə aldım.

            I Qarabağ müharibəsi qazisi Firudin Əliyev Ulu öndər
    Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı”
    ordenli ilə təltif edilmişdir.

    Firudin Əliyev hal-hazırda “Xocalı Rayon Mərkəzi Xəstəxanası”
    publik hüquqi şəxsdə elektrik işləyir. O, çalışdığı kollektivin Vətən müharibəsində
    fədakarlıqlarından da söhbət açdı. Bildirdi ki, düşmənin atdığı snaryaddan
    qorunmaq məqsədilə əvvəlcədən hazırladığımız zirzəmiyə keçdik. Zirzəmidə
    kollektivimizin bütün üzvü gecəli-gündüzlü öz peşəsi ilə bərabər, vətəndaşlıq
    borcunu da layiqincə yerinə yetirməyə çalışdı. Şükürlər olsun ki, xalqımızın həmrəyliyi,
    Ordumuzun gücü və Ali Baş Komandanımızın qətiyyəti sayəsində bizə qələbəyə nail
    olduq.

    Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib29 dəfə
    Xocalı soyqırımı şahidi: “Xocalıya yalnız Kosalar kəndindən az da olsa kömək oldu”

    Maraqlı gələ bilər
    32
    47